Reklam
Vakıf Katılım
Tarih : 2020-03-09 15:10:00

ABŞ-ın Aydaho Ştat Senatında Azərbaycanın təqdimatı keçirilib

ABŞ-ın Aydaho Ştat Senatının plenar iclasında Azərbaycanın təqdimatı keçirilib. Təqdimatda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib.

Qeyd edək ki, Aydaho Ştat Senatının tərkibi əksəriyyəti respublikaçı olmaqla, 35 senatordan ibarətdir.

Ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğundan bildirilib ki, iclasda çıxış edən Aydaho Ştat Senatının sədri Brent Hill senatorlara Azərbaycan haqda məlumat verib. O, ölkəmizin coğrafi mövqeyi, iqlimi, zəngin təbii müxtəlifliyi haqqında danışıb. Azərbaycanda neft sənayesinin inkişafından danışan senator dünyada ilk neft quyusunun 1848-ci ildə məhz Azərbaycanda qazıldığını, ölkəmizin qədim neft sənayesinə malik olduğunu diqqətə çatdırıb. Senator Hill, həmçinin Azərbaycanda iqtisadiyyatın şaxələndirildiyini qeyd edib. Daha sonra B.Hill baş konsul N.Ağayevi senatorlara təqdim edib.

Bundan başqa, N.Ağayev həmin gün Aydaho Ştat Senatının nüfuzlu Nəqliyyat Komitəsinin iclasında Azərbaycana dair geniş təqdimatla çıxış edib. Baş konsul Azərbaycanın coğrafi mövqeyi, qədim tarixi, zəngin mədəni irsi, eləcə də müstəqil dövlət kimi davamlı inkişafı haqqında ətraflı məlumat verib.

Azərbaycan-ABŞ münasibətləri haqqında məlumat verən N.Ağayev Azərbaycanın ABŞ-ın regiondakı ən böyük ticari tərəfdaşı olduğunu deyib. O, Azərbaycan tərəfindən həyata keçirilən və strateji önəm daşıyan trans-regional enerji və nəqliyyat layihələrindən bəhs edib.

N.Ağayev daha sonra Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, ölkəmizdə müsəlman, yəhudi, xristian və digər dinlərin nümayəndələrinin əsrlər boyu bir-biriləri ilə mehriban şəraitdə yaşadıqlarını və azad şəkildə öz dini ibadətlərini həyata keçirdiklərini diqqətə çatdırıb.

Səfər müddətində baş konsul N.Ağayev Aydaho Nümayəndələr Palatasının demokratlar fraksiyasının dəvəti ilə həmin fraksiyanın iclasında da çıxış edib.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 soundhaber.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.